AZ EN RU
+994 12 431-79-51 [email protected]

Layihənin açılış tədbiri

Layihənin açılış tədbiri

Aprelin 24-də Boulevard Oteldə Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa komisiyası tərəfindən təsdiq edilmiş Erasmus + proqramı çərçivəsində "Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)" adlı layihənin təqdimatı  keçirildi.

Avropa Komissiyasının “Erasmus +” proqramı çərçivəsində Bakı Biznes Universiteti (BBU) tərəfindən hazırlanmış “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (“EQAC”) layihəsinin təqdimatı keçirilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yanaşı, Avropanın 5, ölkəmizin 11 ali təhsil müəssisəsinin rəhbərliyi, tanınmış elm xadimləri iştirak ediblər.

Tədbirdə BBU-nun rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov qonaqlara layihə ilə bağlı qısa məlumat verib. Rektor bildirib ki, layihənin məqsədi keyfiyyət təminatı mərkəzləri olan universitetlərdə həmin mərkəzlərin yenidən qurulması, iş prinsiplərinin Avropa standartlarına uyğunlaşdırılması, keyfiyyətə nəzarət mərkəzləri olmayan universitetlərdə isə yeni mərkəzlərin yaradılmasıdır. Qeyd olunub ki, layihənin icra müddəti 36 aydır. Bu müddətdə Azərbaycanın 11 universitetinin hər birindən 4 nümayəndə Avropanın 4 universitetində təlimlərə cəlb ediləcək. Təlimlərdə Azərbaycan nümayəndə heyəti Avropanın qabaqcıl universitetlərində keyfiyyət təminatı mərkəzlərinin iş prinsiplərini və onların bu sahədəki təcrübələrini öyrənəcəklər. Eyni zamanda, Litvanın “EKT” akkreditasiya təşkilatı tərəfindən Bakı Biznes Universitetində layihədə iştirak edəcək Azərbaycan universitetlərinin keyfiyyət təminatı mərkəzlərinin işçi heyəti və tədrislə əlaqəli işçiləri üçün biraylıq təlimlər keçiriləcək.

Diqqətə çatdırılıb ki, layihənin ilk ili Bakı Biznes Universitetində iki təlim təşkil olunacaq. Layihə çərçivəsində mükəmməl idarəetmə sistemi qurmaq məqsədilə online platforma yaradılacaq. Bu platformanın istifadəsinə dair ilk ongünlük təlimdə 55 nəfər iştirak edəcək. Təlim platformanın ümumi istifadə edilməsi, proses modelləşdirilməsi, ölçülərin analizi, portal üzrə hesabatların hazırlanması və məlumat inteqrasiyasının həlli mövzularını əhatə edəcək. Litvanın “EKT” akkreditasiya təşkilatı tərəfindən mərkəzlərin fəaliyyətləri ilə əlaqədar keçiriləcək ikinci təlimə (16 günlük) hər universitetdən 5 nəfər olmaqla 55 nəfər qatılacaq. Bununla yanaşı, layihə müddətində Litva, İngiltərə, İsveç və İspaniyada da birhəftəlik təlimlər təşkil ediləcək.

Rektor layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzulayıb.

Tədbirdə Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin Azərbaycan universitetlərində uğurla həyata keçiriləcəyinə əminliyini bildirib. O, həmçinin Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında imzalanacaq saziş haqqında məlumat verib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov isə layihənin həyata keçirilməsinin Azərbaycan universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün ali təhsil müəssisələrində tətbiqini məqsədəuyğun hesab edib.

Böyük Britaniya, İspaniya, İsveç və Litva universitetlərinin nümayəndələri də çıxış edərək müasir təhsil sistemi üçün bu layihənin əhəmiyyətindən danışıblar.