AZ EN RU
+994 12 431-79-51 [email protected]

ATMU-nun nümayəndələri İsveç Kral Texnologiya İnstitutunda təlimdə iştirak ediblər

ATMU-nun nümayəndələri İsveç Kral Texnologiya İnstitutunda təlimdə iştirak ediblər

ATMU-nun nümayəndələri İsveç Kral Texnologiya İnstitutunda təlimdə iştirak ediblər

 

            Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri İsveçin Kral Texnologiya İnstitutu tərəfindən ali təhsildə təkmilləşdirilmiş tədris metodları mövzusunda təşkil olunmuş təlimdə iştirak ediblər.

            ATMU-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil sahəsində çalışan peşəkarlar üçün keçirilən təlim Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində reallaşdırılıb. Beynəlxalq səviyyəli təlimdə Azərbaycan universitetləri ilə yanaşı, Çin, Yaponiya, Braziliya, Argentina, Çili, Kolumbiya və digər ölkələrin ali təhsil sahəsində fəaliyyət göstərən nümayəndələri də iştirak ediblər.

            Təlimdə ATMU-nu universitetin rektor müşaviri Elvin Yusifli və Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov təmsil ediblər. Təlimin əhəmiyyəti barəsində danışan Elvin Yusifli bildirib ki, Kral Texnologiya İnstitutu tədris metodologiyaları sahəsində innovasiyaları təşviq edən qabaqcıl Avropa universitetlərindən biridir və beynəlxalq səviyyədə tanınan CDIO (Conceive-Design-Implement-Operate) təşəbbüsünü irəli sürüb. İlk dəfə mühəndislik ixtisası ilə əlaqədar tətbiq edilmiş CDIO konsepsiyasının əsas ideyası tədris strategiyalarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və sənaye təcrübəsinə uyğunlaşdırılması, təhsil prosesində tələbələrə qlobal çağırışlara cavab verən problem həlletmə bacarıqlarının aşılanmasıdır.

            Elvin Yusifli qeyd edib ki, sözügedən tədris modelinin üstünlüklərindən biri təlim prosesi və öyrənmə motivasiyasına fərqli, daha konstruktiv yanaşma tətbiq etməsi ilə bağlıdır. Belə ki, CDIO metodologiyası tələbələrin əməkdaşlığı və kooperativ iş üsulları üzərində qurulub. Tələbələr tədris prosesi boyunca bir-birinin fəaliyyətinə rəy bildirir, konstruktiv tövsiyələr verir və nəticədə qazandıqları bilik və bacarıqlar barəsində tənqidi refleksiya etmək imkanı qazanırlar. Modelin digər özünəməxsus cəhəti odur ki, təlimin qiymətləndirmə predmeti tələbənin dərs müddətində öyrəndikləri deyil, öyrəndiklərini təlim nəticələrinə uyğun tətbiq edə bilmək bacarığıdır.

            Kral Texnologiya İnstitutunda tədris proseslərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması praktikasını şərh edən Simnar Mamedov bildirib ki, İsveçin ali təhsil sahəsində rəqabət qabiliyyətini gücləndirən ən önəmli amil qlobal çağırışlara cavab verən təhsil proseslərinin mövcudluğudur. CDIO yanaşmasının təməlində sürətlə dəyişən ekoloji, iqtisadi və sosial reallıqları nəzərə alan və innovativ həll yolları irəli sürə bilən peşəkarlar yetişdirmək dayanır. İsveç universitetlərində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində nəzərdə tutulmuş müddəalar təhsil proqramlarının, o cümlədən sillabusların mənimsəmə nəticələrinin hazırlanmasında əsas istiqamət kimi istifadə olunur. Bu səriştələr çoxşaxəli olub sistemli düşünmə, proqnozlaşdırma, normativ-etik təhlil, əməkdaşlıq, tənqidi düşüncə və problemlərin inteqrativ həlli kimi bacarıqları ehtiva edir.

            ATMU-da həyata keçirilən islahatların əsas məqsədi tələbəyönümlü ali təhsilə keçidin sürətləndirilməsidir. Bu məqsədlə təlimdə qazanılmış təcrübələrin ATMU-nun təhsil strategiyalarının təkmilləşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulub.

https://azertag.az/xeber/ATMU_nun_numayendeleri_Isvech_Kral_Texnologiya_Institutunda_telimde_istirak_edibler-1348497

http://xalqqazeti.com/az/news/33520

http://tehsil-press.az/index.php?newsid=44068

http://sia.az/az/news/culture/767694.html

http://www.unikal.org/news/224587/atmu-numayendeleri-isvecin-kral-texnologiya-institutunda-fotolar

http://palitranews.az/news.php?id=117033