AZ EN RU
+994 12 431-79-51 [email protected]

Azərbaycanda rektorlar konfransı” layihəsinin təqdimatı keçirilib

Azərbaycanda rektorlar konfransı” layihəsinin təqdimatı keçirilib

Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinator olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsinin onlayn formatda təqdimat mərasimi keçirilib.

Tədbiri açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov layihənin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir: “Heç şübhəsiz ki, layihənin uğurla icrası Azərbaycan ali təhsil sisteminin Bolonya prosesinə inteqrasiya edilməsinə sanballı dəstək olmaqla yanaşı, beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq”.

Rektor qeyd edib ki, layihə yerli və Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarını müəyyənləşdirəcək. Növbəti mərhələlərdə Azərbaycan universitetləri bir sıra beynəlxalq qurumların üzvü olmaq şansını əldə edəcək. Eyni zamanda, konfrans Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.

Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Nazir müavini Bakı Biznes Universitetinin koordinator olduğu sözügedən layihənin qarşıya qoyulan hədəflər və layihənin əhatə dairəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və ali təhsil sisteminin inkişafına töhfələr verəcəyini söyləyib.

Layihənin koordinatoru Gülşən Bayramova isə 3 il müddətində həyata keçiriləcək layihədə görüləcək işlər və layihənin gözlənilən faydaları haqqında ətraflı məlumat verib. Tədbirdə çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz təbriklərini çatdırıb. O, layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb. Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının nümayəndələri də layihəyə dair faydalı fikirlərini və Avropa təcrübələrini bölüşüblər.

Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, eyni zamanda, Erasmus+ Azərbaycan ofisinin rəhbəri də çıxış edərək yeni çağırışların müşahidə olunduğu müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyini və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini vurğulayıblar.